Olsaydım | Nuray Nur

Mən rəssam olsaydım çəkərdim həmən,
Bir korun qəlbiylə gördüklərini.
Əminəm heç kimsə görməmiş hələ,
“Gözsüzün” həyatda gördüklərini.


Bir şair olsaydım yazardım o an,
Lal olan insanın ürək sirrini.
Onda anlayardıq qədir- qiymətin,
Deyilən hər sözün, hər bir sətirin.

Mən Günəş olsaydım bütün nurumu,
Saçardım ümidi sönmüş qəlblərə.
Nurla aydınladıb o könülləri,
Təslim eyləyərdim xoş səhərlərə.

Bir ulduz olsaydım parlardım gecə,
Tənhanın bəxtinə doğan tale tək.
Hər gecə üzünə gülümsəyərdim,
Onu səadətə qərq eyləyərək.

Olsaydım bir cığır əsla bitməyən,
Bütün çıxmazlara çıxış olardım.
Düşüb ayağına azıb qalanın,
Onu istədiyi yola salardım.

Keşkə istədiyim bu keşkələri,
Yaşaya bilərdim bir ömür boyu.
Məhv edib dünyadan iztirabları
Ancaq xoşbəxtliyə açardım sonu.
Sənlə başlayaydı ömrümün ilki,
Səndə də bitəydi hər şeyin sonu.
 

1 şərh

ayxansevda

olduqca nikbin şeirdir. Lakin bədbin kimi görünmək istəməzdim, amma indiki zəmanədə yaxşılıq edəndə insanlar onu elə yozurlar ki, Allah rizasını qazanmaq üçün etmisən, lakin elə peşman edirlər səni bir daha kiməsə yaxşılıq etmək istəmirsən.


Mən Günəş olsaydım bütün nurumu,
Saçardım ümidi sönmüş qəlblərə.
Nurla aydınladıb o könülləri,
Təslim eyləyərdim xoş səhərlərə.


Qoysalar edərsən, imkan vermirlər axı.